Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
15 Sentyabr , 2019

15.09.2019-cu il tarixində İnam Tədris və Psixologiya Mərkəzinin müəllim və şagirdləri Bilik Günü ilə əlaqədar Mərkəzi Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova uşaqları yeni dərs ili münasibətilə təbrik etdikdən sonra Bilik gününün təsis olunma tarixi, dövlətin təhsil siyasəti, elmin, biliyin, kitabın və kitabxananın insanın intellektual səviyyəsinin yüksəlməsindəki rolu, Mərkəzi Uşaq Kitabxanasının yaranma tarixi, fondu, xidmət zalları, nağıl guşəsi haqqında məlumat verdi. Sonra kitabxananın fəal oxucularından Nura İsgəndərova, Mirmusa Həsənov, Yusif Ağayarzadə, Mehman İsayev nağıl qəhrəmanlarının adından da uşaqları təbrik etdilər, şeirlər söylədilər, səhnəciklər təqdim etdilər. İnam Tədris və Psixologiya Mərkəzinin şagirdləri isə məktəb, kitab, müəllim, Vətən, haqqında bir-birindən maraqlı şeirlər söylədilər, onlara ünvanlanmış tapmacaları cavablandırdılar, natamam söylənmiş atalar sözlərini tamamladılar. Tədbir iştirakçıları kitabxananın əməkdaşları  tərəfindən Abbas Səhhətin “Məktəb şagirdi” şeiri əsasında hazırlanmış kukla tamaşasını da izlədilər. Daha sonra çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva xalqımızın mənəvi yüksəlişində böyük rol oynayan mədəniyyət ocaqlarından biri kimi uşaq kitabxanalarının gənc nəslə mədəni xidmətin təşkili, məktəbli oxucuların mütaliəsinin düzgün istiqamətləndirilməsi, onlarda vətənpərvərlik, cəsurluq, doğruculuq, ləyaqət  hisslərinin aşılanmasını başlıca vəzifəsi kimi qeyd etdi. O, bir bilik ocağı kimi məktəblərlə, tədris mərkəzləri ilə edilmiş əməkdaşlığın faydası haqqında da danışdı. Sonda çıxış İnam Tədris və Psixologiya Mərkəzinin direktoru Xədicə Ağayarova kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirdi.